Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Hotel və Konqres Mərkəzinin açılışında iştirak ediblər. Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Hotel və Konqres Mərkəzi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb.
Tarixi Şuşa şəhərinin mərkəzində yerləşən Şuşa hoteli 2023-cü ilin may ayında açılmışdır. Hotel müasir üslubda dizayn olunmuş 154 otaq, milli mətbəxin ləziz təamlarını təklif edən restoran və bar, geniş spa mərkəzi, tədbir və iclas zalları və müxtəlif növ digər xidmətlər təklif edir. Beş ulduzlu "Hotel və Konqres Mərkəzi" müasir komfort və milli memarlıq ənənələrinin sintezini özündə birləşdirir.
Şuşa hotelində bizim öhdəliyimiz qonaqlarımıza müstəsna qonaqpərvərlik təqdim edərək, unudulmaz qonaqlama təcrübəsi yaratmaqdır. Səfərinizin iş və ya istirahət üçün olmasından asılı olmayaraq, siz yüksək səviyyəli xidmət, isti və qonaqpərvər atmosfer və Şuşa şəhərinin gözəlliyini və irsini əks etdirən bənzərsiz təcrübə gözləyə bilərsiniz.
Hotelin memarlıq dizaynı karvansaray konseptindən ilham alaraq Şuşanın zəngin irsindən qaynaqlanır. Şuşa şəhərinin mərkəzində tarixi “Zəfər yolu”nun üzərində qürurla yerləşərək şəhərin ilk 5 ulduzlu “Hotel və Konqres Mərkəzi”dir. Hotelin binası bölgənin mədəni ənənələrini tərənnüm edən ornamental kompozisiyaları və milli memarlıq elementlərini özündə əks etdirir.
Azərbaycanın ədəbi, mədəni və ictimai həyatında xüsusi iz buraxmış görkəmli şəxsiyyətlərin arasında şuşalılar da az deyil. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan təkcə gözəl şeirlər müəllifi və rəssam kimi deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə ad çıxarmışdı. Azərbaycan peşəkar musiqisi sənətinin banisi və Şərqin ilk operasının müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyli, musiqi mədəniyyətimizdə silinməz izlər buraxmış Xan Şuşinksi, Seyid Şuşinski, Bülbül, Niyazi Şuşanın yetişdirdiyi görkəmli musiqiçilər sırasındadırlar.
Şəhərin əsas tarixi abidələri arasında memarlığı ilə seçilən qədim məscidlər xüsusi yer tutur. Onlardan Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri öz görkəmi ilə fərqlənirlər. Hər iki məscid 19-cu əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağda əksər məscidlərin memarı olmuş Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Şuşaya yaraşıq verən Saatlı məscidi isə Kərbəlayi Səfixan Qarabağinin bir digər möhtəşəm layihəsidir.
Gözəl Şuşa həm də görkəmli şəxsiyyətlərin, məşhur incəsənət və mədəniyyət xadimlərinin yetişdiyi qədim mədəniyyət beşiyidir. 18-ci əsr Azərbaycan ədəbi mühitində xüsusi yer tutan Molla Pənah Vaqifin (1717-1797) yaradıcılığının böyük hissəsi məhz Şuşa ilə bağlı olmuşdur. Öz lirikasında realizmə, xəlqiliyə, nikbinliyə geniş yer verən Vaqif, həmçinin İbrahimxəlil xanın vəziri vəzifəsinə də yüksəlmişdir. Vaqifin ədəbi və ictimai fəaliyyətini əbədiləşdirmək üçün 1982-ci ildə məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılmış məqbərə Şuşanın görkəmli tikililərindən hesab olunur.
Şəhərin cənub tərəfində yerləşən Cıdır düzünün gözəlliyini isə sözlə təsvir etmək mümkün deyil. Cıdır düzündən 200 metr aşağıda axan Daşaltı çayı dərəsinə və Kiçik Qafqaz dağlarına açılan möhtəşəm mənzərəni seyr etmək olar. Qədim dövrlərdən bu düzənlik cıdır yarışlarının, çövkən oyununun, Novruz bayramı şənliklərinin keçirildiyi məkan olmuşdur. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra 2021-ci ilin may ayında Cıdır düzündə uzun illərdən sonra yenidən “Xarıbülbül” musiqi festivalı təşkil edilmişdir.